• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Ölüm cəzası ağır cinayətlərin sayını azalda bilərmi?

Updated: 3 days ago

Elina Hacıyeva və Nərmin Quliyeva cinayətlərindən sonra bir çoxları iddia edir ki, ölüm hökmü kimi ağır cəzalar tətbiq olunmalıdır. Bu fikrə gəlməzdən öncə, agah olmağımız gərəkən məqamlar var. Bu yazıda həmin məqamlardan bir neçəsini diqqətə gətirməyə çalışacam.


İlk öncə qeyd etməliyəm ki, ağır cəzalar, əsasən, sadəcə cəmiyyətin hirsini soyutma aləti kimi istifadə oluna bilir, xüsusən də bu göstərişli formada həyata keçirilirsə. Burada “göstərişli” deyərkən, cəzanın mütləq ki, “açıq havada” toplum qarşısında olmasından getmir. Lakin gələcək cinayətlərin qarşısını almaq üçün effektiv deyil. Cinayətkarın cəzalandırılması mesajı və ya xəbəri cəmiyyətə media, şayiə, dövlət nümayəndəsinin rəsmi bəyanatı və s. ilə də çatdırıla bilər. Bu isə daha çox cəmiyyətdə toplanmış olan qəzəb hissini soyutmağa faydalıdır. Heç bir zəmanət yoxdur ki, gələcəkdə hər hansı bir potensial cinayətkar müəyyən bir qorxu (burada ölüm qorxusu) altında cinayəti törətməkdən qaçınacaqdır.



Bir digər məqam qorxu faktorudur. Cəza qorxusu nə dərəcədə işə yarayır? Qorxu hissi cinayətdən qaçındırırmı? Bir çox cinayət nümunəsi var ki, onlar elə məhz qorxu kimi kəskin hisslərin təsiri altında törədilə bilir. Bunlardan biri 2015-ci ildə qonşu Türkiyə baş verən və Türkiyə cəmiyyətini ayağa qaldıran Özgecan Aslan cinayətidir. Cinayətkarlar can verən qızcığazı xəstəxanaya çatdırmaq yerinə, qızcığazın dırnaqlarında cinayət dəlili qaldığını sezib, həbs qorxusu altında onu öldürərək əllərini kəsməklə kifayətlənməmiş, üstəlik heç bir iz qalmasın deyə, hətta cəsədini yandırmışdılar. Dolayısı ilə, həbs olunmaqdan qorxduqları üçün cinayətdən qaçınmadılar, sadəcə ortadakı izləri məhv etməyə çalışdılar. Bir sözlə, qorxu əxlaq hissini formaşdırmır və heç də hər zaman cinayətdən qaçındırmır, əksinə, qorxduqları nəsnədən qaçınmaq üçün fərqli yollara (hətta bu yol bir başqa cinayət aktı olsa belə) təşfiq edə bilir.


Daha bir diqqət çəkən məsələ “ədalətsiz cəzalar” kimi ifadə etmək istədiyim məqamdır. Bəzən bir cinayətin üstünü açmaq üçün illər lazım olur, hətta olur ki, illər sonra şübhəli qismində həbs olunan şəxsin əsl cinayətkar olmadığı üzə çıxır. Və düşünün, cinayəti törətməyən biri hər hansı bir səhv və ya dəlil yetməzliyi üzündən illərlə dəlillərin tamamlanmasını gözləməklə yanaşı, bir yandan da ölüm hökmü qorxusu ilə həbsxanada qalmalıdır. Bu uzun illərə bir də başqasının yerinə ölmək qorxusunu da əlavə etsək, heç də ədalətə deyil, daha çox acımasızlığa səbəb olardıq.



Norveç təcrübəsi. Şübhəsiz çoxlarımıza məlumdur ki, Norveçdə, ümumiyyətlə, həbsxana modeli bizim öyrəşdiyimizdən kəskin fərqlənir. Bu ölkədə həbsxanalar bir növ otel/sanatoriya təəssüratı yarada bilir. Əsas yanaşma cəza yerinə, tərbiyə prinsipinə söykənir. Belə hesab olunur ki, həbsxanada cəza çəkən biri illər sonra azadlığa çıxacaq və bu halda onu cəmiyyətə qaytarmaq lazımdır. Həbsxanada illərini keçirən biri cəmiyyətdə ömürlük “cinayətkar” damğası ilə yad edilir və cəmiyyət tərəfindən əksər hallarda təcrid olunur. Bir dəfə məhbusluq həyatı yaşayan birinə artıq “normal” cəmiyyətdə yer olmadığı üçün “cinayətkarlar cəmiyyətindən” başqa bir yerdə həyatına davam etmək seçimi qalmır. Dolayısı ilə yenidən cinayət törətməyə təşfiq olunur və hər şey yenidən başlayır. Bu halda həbsxanalara bu qədər zaman, maliyyə ayırmağın nə mənası var? Belə bir yanaşma ilə hesab olunur ki, cəmiyyətin qəbul olunmuş qaydalarını aşan birinə cəza verilmək əvəzinə, onu “tərbiyə” etməyə diqqət ayırmaq lazımdır. Yəni bir cinayətkarın cəmiyyətin normal üzvünə çevrilməsinə həbsxanalarda onu mənəvi sındırıb, şəxsiyyətini alçaltmaqla deyil, məhz şəxsiyyətinə olan sayğı baryerini qorumaqla, ona normal insan kimi davranmaqla təmin oluna bilər. Bu yanaşma, eyni zamanda, bizim bəhs etdiyimiz məqama toxunur. Belə ki, bu prinsip həm də açıqlayır ki, bir cinayətkarı öldürməklə biz qurbanı geri qaytara bilmirik, lakin gələcək potensial cinayətkarları qorxu altında daha ağır cinayət törətməkdən qaçındırırıq. Qısası, yanaşmanı cəza prinsipindən və ya potensial cinayətkarlara hədə rolunu oynayan ölüm hökmü prinsipindən tərbiyə prinsipinə yönəltməklə cəmiyyətdə get-gedə cinayətkarlığın azalmasına səbəb olmaq mümkündür. Türkiyədəki Özgecan Aslan cinayətinin təhlilindən həm də aydın oldu ki, cinayətkar yolun yarısından dönə bilərdi, lakin qorxu səbəbindən dəstək çağırır və nəticədə 3 nəfər potensial cinayətkar sırf qorxu səbəbindən qızcığazın ölümünə və cəsədinin tanınmaz hala salınmasına səbəb oldular — cinayət törədirlər.


Foto: ADEM ALTAN

Nəzərinizə çatdırım ki, Türkiyə ölüm cəzası olmayan dövlətdir və yuxarıdakı Özgecan Aslan nümunəsində bu üçlünün qorxu obyekti ölüm cəzası deyil, “sadəcə” həbs olunmaqdır. Yəni həbs olunmaq qorxusu belə bir şiddətə səbəb olursa, geri dönüşü olmayan ölüm cəzası qorxusu potensial cinayətkarlarda hansı şiddətə səbəb olacaqdır sizcə?


Mənim rəyimə gəldikə isə, hesab edirəm ki, bu gün cəmiyyətimizdə Elinalara, Nərminlərə qarşı amansızlıq varsa, bunun qaynağı tək o cinayəti birbaşa törədənlərdə deyildir. Bu kimi hadisələrin birbaşa qaynağı bütövlükdə cəmiyyətin mənəvi-psixoloji vəziyyətidir. Həll yolu insanların cəmiyyət olaraq tərbiyəsidir. Bu növ tərbiyə individual tərbiyədən, ailə tərbiyəsindən daha böyükmiqyaslı olub illər, hətta bəzən əsrlər ala bilir. Bu tərbiyə yalnız diktə, qadağa, əmr, cəza, həbslər ölümlər vasitəsi ilə həyata keçirilə bilməz. Bu gün atılan hər bir addım, həll yolu özünün müsbət nəticə və ya ağır fəsadlarını onillər sonra göstərə bilər. Odur ki, bu yolda, cinayətkarlığın azalması, amansızlıqlara son qoyulması uğrunda atılan addımlar uzun illər sonrasını nəzərə alaraq atılmalıdır. Bu prosesi isə həyata keçirməyə sən, mən o və ya onlar deyil, yalnız böyük və nəhəng təşkilatlar qadirdir.



Bəs cəmiyyət özü nə edə bilər?

Gündəm hadisəsi ilə bağlı cəmiyyətdə yaranan qəzəb hissi bir yolla tətmin olunmalıdır. Əks halda, basdırılaraq get-gedə daha da böyüyür və gələcəkdə ümosional partlayışa səbəb ola bilir. Dolayısı ilə cəmiyyətin davamlı nəticəsiz qalan şikayət və narazılıqları sadəcə və sadəcə gərginliyi artırmağa xidmət edə bilər. Bu gərginliyin isə dözümlülük limiti vardır, limit dolduqda vəziyyət kontroldan çıxır və böyük xaos yaranır. Burada bir daha xatırlatmaıyam ki, cinayətkarın "göstərişli" ağır cəza alması belə cəmiyyətdə yaranan gərginliyi azalda bilir. Lakin bu, cinayətkarlığa qarşı mübarizə addımı hesab olunmamalıdır. Yenə də diqqət etmək lazımdır, hərəkət (axın) hara istiqamətlənib? Əgər hərəkət cəza tələbinə yönəlibsə, deyə bilərik ki, məqsəd sadəcə cəmiyyət olaraq hisslərini tətmin etdirmək, mövcud gərginliyi azaltmaqdır.


Cəmiyyət gündəm cinayəti ilə yaranan qəzəb hissi sayəsində nəhəng qüvvəyə malidir, böyük qüvvə isə həm də böyük məsuliyyət gətirir. Bütün məsələ bu qüvvəni doğru istiqamətə yönəltməkdədir. Çoxsaylı müzakirələrə səbəb olan gündəm məsələlərində diqqət etmək lazımdır ki, hərəkət varmı? Varsa, hansı istiqamətə yönəlib? Hərəkətə təşəbbüs edən (lider) kimdir? və s. İstənilən məsələ bütün cəmiyyət səviyyəsində qınanıla bilər, lakin bu hələ hərəkət deyildir. Cəmiyyət isə bir deyil, çox səsi özündə birləşdirdiyindən təşəbbüskar kəs və ya kəslər olmadan təkbaşına hərəkət istiqamətini qərarlaşdıra bilmir, bu zaman xaos yaranır. Odur ki, insanları arxasınca apara bilən kəslər birbaşa həll yoluna yönələn addımlara çağırış edərsə, ardından gələn həmin o nəhəng qüvvə qısa zamanda çox müsbət nəticələr əldə edə bilər.



Dəyərli qalın,

Məlahət Hacıyeva

Psixoloq

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)