• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Təşkilat mədəniyyətini ölçən 11 mühüm sual

Updated: Aug 6

Ana dilimizdə daha çox korporativ mədəniyyət ifadəsi ilə rastlaşırıq. Korporativ mədəniyyət həm də təşkilat mədəniyyətidir, lakin təşkilat mədəniyyəti yalnızca korporativ mədəniyyət deyildir. Bir başqa sözlə, korporativ mədəniyyət anlayışı, əsasən, kommersiya təşkilatları ilə yanaşı işlədilirsə, təşkilat mədəniyyəti bütün növ təşkilatları əhatə edən anlayışdır.


Beləliklə, təşkilat mədəniyyəti nədir?


Təşkilat mədəniyyəti bir təşkilatın dil, dəyərlər, davranış formaları, inanc və ənənələridir. Əməkdaşların gündəlik həyatına tətbiq olunan düzgün davranış formaları səbəbilə onların yüksək performans nümayiş etdiyi mədəniyyət təşkilat mədəniyyətidir.


Təşkilat mədəniyyəti yüksək olan qurumlarda fərdlər üzərində nəzarətə daha az ehtiyac yaranır, və əməkdaşlar təşkilatın istiqamətinə yönəlik hədəflərə çatmağa həvəsli olurlar.


Şirkət və ya qurumda təşkilat mədəniyyətini formalaşdırmaq üçün ilk öncə mövcud vəziyyəti dəyərləndirmək vacibdir. Durum dəyərləndirməsi üçün ən mühüm suallar aşağıdakıları əhatə edir:

  1. Hansı təsvir təşkilat mədəniyyətini ən yaxşı formada xarakterizə edir? Cavabı rəhbər(lər), menecer(lər) və müştəri ilə ilk təmasda olan işçilərdən toplayın;

  2. Cavablar uzlaşırmı? (uzlaşmırsa, demək ki, ortada təşkilat mədəniyyətində mühüm boşluqlar var);

  3. Təşkilatın fəaliyyət istiqaməti əməkdaşlara yetərincə aydındırmı?

  4. Əməkdaşlar təşkilatın fəaliyyət istiqamətinin qurmaq istədiyiniz təşkilat mədəniyyətilə bağlarına bələddirmi?

  5. Hədəf və gözləntilər yetərincə aydındırmı?

  6. Təşkilat mədəniyyətini müşayiət etmək üçün hansı ünsiyyət vasitələri mövcuddur? Bu ünsiyyət vasitələri nə dərəcədə effektiv istifadə olunur?

  7. Təşkilat mədəniyyətini müşayiət etmək üçün hansı proseslər mövcuddur? Bu proseslər nə dərəcədə effektiv istifadə olunur?

  8. Hansı proses və ya platformalar gözdən qaçıb?

  9. Əməkdaşlar təşkilat mədəniyyətində uyğun hansı davranışları nümayiş edirlər? Hansı davranış formaları təşkilat mədəniyyətilə uzlaşmır?

  10. Müsbət davranış üçün hər hansı təşəbbüs varmı?

  11. Təşkilat mədəniyyəti gündəlik (iş) həyat(ın)da nə dərəcədə yaşadılır? Həmin anlar daha da çox olmaq üçün təşfiq olunurmu?



Təşkilat mədəniyyəti formalaşdırarkən nədən başlamalı?


Qurumunuzda təşkilat mədəniyyəti formalaşdırmaq niyyətindəsinizsə, qeyd olunan 6 əsas komponentə diqqət etməniz vacibdir:

  1. Təşkilat mədəniyyətinin müəyyən edilməsi Qurumunuzun təşkilat mədəniyyəti nədir, nələrdən ibarətdir? Arzuolunan davranış forması hansılardır? Təşkilat mədəniyyətinə nail olub-olmadığınızı necə müəyyən edəcəksiniz?

  2. Viziya və missiyanın (vision) təyin edilməsi Təşkilatın viziyası və missiyası nədən ibarətdir? Təşkilatın fəaliyyət istiqaməti nələri əhatə edir?

  3. Təşkilatdaxili mədəni ünsiyyət Ünsiyyətdə hansı vasitə və texnikalardan istifadə etmək nəzərdə tutulur?

  4. Komandanın təşkili Komandalar necə qurulacaq? İşəgötürmə üçün hansı prosesləri yaratmaq və ya təkmilləşdirmək nəzərdə tutulur?

  5. Performansın idarə edilməsi Təşkilatın hədəfləri hansılardır? Onlar necə ölçülür? Davranış stimulları necə formalaşdırılır?

  6. Təşkilat mədəniyyətinin qorunması “Təşkilati mədəni anlar” necə sezilir və arzuolunan davranışa təşfiqedici rəy hansı formada verilir?

Təşkilat mədəniyyətində mühüm olan onu qurmaqla yetinməyib, gündəlik iş həyatına tətbiq etmək və davamlılığa nail olmaqdır. Təşkilat mədəniyyətinin mövcudluğu, qurumun missiya və viziyasına nail olmağın birbaşa zəmini deməkdir. Təşkilatlar böyüdükcə, hədəflər daha böyük məqsədlərdə, missiya və viziyada cəmləşir. Buna paralel olaraq, təşkilat böyüdükcə onun viziya/missiyasına nail olmaq üsulları da dəyişməli, geniş miqyasa bürünməlidir ki, bunun da ən önəmli üsullarından biri məhz təşkilat mədəniyyətinin formalaşdırılmasıdır.

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)