• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Ən acımasız psixoloji eksperiment

Updated: Feb 10, 2019



Çoxlarımız "pis insan" və "yaxşı insan" anlayışlarının fərqli olduğunu düşünürük. Və bir çoxlarımız da özünün yaxşı insan olduğuna inanır. Lakin ABŞ sosial psixoloqu Filip Zimbardo bu stereotipi qıraraq, pis və yaxşı anlayışlarının ayrılmaz olduğunu və hər yaxşı insanın əslində həm də pis, hər pis insanın isə əslində həm də yaxşı biri olduğunu iddia edir. Zimbardo hesab edir ki, özümüzü, öz yaxşı və pis tərəflərimizi tanımaq üçün həyat təcrübəmiz çox zaman məhdud şərtlər altındadır. İnsanların dünyanın bir çox həbsxanalarında hansı şəraitdə məhbusluq həyatı yaşadıqları, müharibələrdə amansız işkəncələrə məruz qaldığı, yaxud əslində yaxşı insan kimi tanıdığımız insanların müəyyən situasiyalarda tanınmayacaq qədər dəyişməsi və s. kimi hallar bizə ən azından televiziyadan məlumdur. 1971-ci ildə bu məqamlara aydınlıq gətirmək, insanları belə bəd əməllərə nəyin təhrik etdiyini və bir çox əlaqəli sualları aşkarlamaq istəyi Zimbardonu psixoloji eksperiment təşkil etməyə vadar edirdi.

Stenford Həbsxana Eksperimenti

Stenford Universitetinin zirzəmisində bəlli bir ərazi həbsxana formasında hazırlanır ki, burada 9-u "gözətçi", 9-u "məhbus" olmaqla, 18 nəfər iştirakçıdan ibarət təcrübə təşkil olunur. "Gözətçi"-lər xüsusi uniforma və güzgülü qara eynəkdə olmalı və üzərində polis dəyənəyi gəzdirməli idilər. Gözlüklər emosiyalarını gizlətmək və özlərini anonim hiss etməyə kömək olurdu. "Məhbus"-lar isə hər biri xüsusi papaq taxmaq və adlarının əvəzinə xüsusi rəqəmlər təyin olunmaqla individuallığından məhrum edilirdi. "Gözətçi"-lərin eksperimentdəki vəziyyəti "həbsxana"-da nizam-intizamı qorumaq və "məhbus"-lara özlərini "gözətçi" olaraq qəbul etdirmək idi. Elə ilk günlərdən artıq "gözətçi"-lər öz gücünü, "məhbus"lar isə müstəqilliyini qarşı tərəfə yeritməyə çalışırdılar. Və bu müqavimət get-gedə daha şiddətli hal almağa başlayırdı, "gözətçi"-lərin davranışında sadizm müşahidə olunurdu. Psixoloji cəhətdən güclü və normal hesab olunan insanlar tamam fərqli davranışla meydana çıxırdı və vəziyyət ciddiləşirdi və indi təcrübəçilər gözləntilərin üstündə olan nəticələrlə qarşı-qarşıya idilər. Belə ki, ilk günün daha sabit keçməsinə baxmayaraq, artıq ikinci gün "məhbus"-lar üsyankar davranış nümayiş etdirdilər ki, bunun ardınca da "gözətçi"-lər daha aqressiv olmağa başlayırdılar. Həbsxana mühiti gündən-günə daha da gərginləşir və elm adamları real həbsxanalarda görünən səhnələrə çox yaxın hadisələrlə üzləşərək heyrətə gəlirdilər. Buna baxmayaraq nə təcrübə keçirənlər, nə də kənardan gələn konsultantlardan heç kim eksperimenti dayandırmaq barədə hər hansı fikir irəli sürmürdü. Yalnız Stenford Universiteti professoru, həmçinin Zimbardonun gələcək həyat yoldaşı olan Kristina Maslak eksperimentlə tanış olmaq istədikdə və iştirakçılarla fərdi müsahibə apardıqda gördükləri qarşısında heyrətlənərək burada nəyinsə yolunda getmədiyini sezə bildi. Qalan hər kəs vəziyyətin təsiri altında idi və məsələni obyektiv dəyərləndirə bilmirdi. Maslak təkidlə Zimbardonu eksperimentin qeyri-etik olduğuna və iştirakçılara bu psixoloji təzyiqi yaşatmaq haqqı olmadığına inandıraraq, eksperimentin dayandırılmasını tələb edirdi. Cəmi 6 gün davam edən eksperiment tamamlanmadan dayandırılır.

Daha da heyrətlisi o idi ki, "gözətçi"-lər eksperimetin vaxtından öncə bitməsindən çox narazı idilər.

Eksperiment nəzərdə tutulandan daha qısa müddətdə başa çatsa da, elmə çox əhəmiyyətli faktları açıqlamış olur. Tarixin ən ağır psixoloji təcrübələrindən sayılan Stenford həbsxana eksperimenti professor Zimbardonun 30 illik elmi fəaliyyətində əhəmiyyətli rol oynamaqla, bir çox bəşəri sualların cavablarını dünyaya nümayiş etdirir. Zimbardo elm adamlarını "yaxşı və pis insan" anlayışları üzərində bir daha düşünməyə vadar etdi. O qeyd edir ki, bir sosial psixoloq kimi insan davranışlarının səbəbini həm də sosial mühit, ətraf vəziyyətdə də axtarmaq lazımdır. Bir insanın davranışı, yaxşı və ya pis biri olmasından asılı olmayaraq təkcə öz iradəsi üzərində qurulmayıb. Eksperimentin aşkara çıxardığı faktlarla Zimbardo həbsxana, müharibə zonası və digər aqressiv mühitlərdə insan davranışlarının səbəblərini açıqlamış oldu. Günümüzdə eksperiment və davam edən elmi araşdırmalarının nəticəsi olaraq Zimbardo insanların bu cür sosial davranışları barədə gəldiyi qənaətləri "The Lucifer Effect" adlı kitabında əks etdirir. Bununla bərabər, eksperiment haqqında 2 film ( "The Experiment"/2010 və "The Stanford Prison Experiment"/2015) çəkilir və bunlardan birinin çəkilişlərində elə professor Zimbardo özü konsultant kimi iştirak edir.



Stenford eksperimenti iştirakçılara yetirdiyi mənəvi zərərləri üzərindən bir çox elm adamları tərəfindən qeyri-etik olaraq dəyərləndirir. Professor Zimbardo isə bunu belə izah edir: "Əgər bu eksperiment olmasa idi, dünya bir çox həqiqətlərdən hələ də xəbərsiz qalacaqdı".

Mənbələr: prisonexp.org, lucifereffect.com, zimbardo.socialpsychology.orgMaterial psixoloqos.az saytı üçün hazırlanmışdır, istifadə edərkən mənbəyə istinad mütləqdir.

33 views

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)