• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

İnsan necə bütünləşir?

Updated: May 4, 2019

Natamamlıq kompleksi — öz qüsurunun, dəyərsizliyin tamamilə və ya qismən dərk edilməsi hissidir. Elmə ilk dəfə Avstriya psixoloqu Alfred Adler tərəfinfən gətirilib. Adlerə görə, bu hissi kompensasiya etmək üçün həddən artıq göstərilən səylər nevrotik simptomlara gətirib çıxara bilər.

Freyd kimi Adler də insan psixologiyasının uşaqlıq dövründə formalaşdığının tərəfdarı idi. Lakin Freyddən fərqli olaraq Adler hesab edirdi ki, davranış insanın konkret həyat təcrübəsi, yaşadığı mühit, sosial xarakter kimi bir sıra digər faktorlar əsasında meydana gəlir.

Adlerə görə, insanın davranış və hərəkətlərini onun uğura, nailiyyətə olan meyli idarə edir. Bir başqa sözlə, insanı hərəkətə təhrik edən, onun inkişaf etmək, üstün olmaq, uğurlu olmaq istəyidir. Dünyaya gələrkən, balaca və kövrək cismə (bədənə) malik olduğumuzdan, bizdə anadangəlmə olaraq natamamlıq hissi formalaşır və biz individ olaraq bütün qüvvəmizlə bundan yaxa qurtarmağa çalışırıq. Buna nümunə olaraq Adler belə bir misal gətirir: Ailənin kiçik övladları böyük bacı və ya qardaşlarından geridə qaldıqlarına görə, onları qabaqlamağa, səy göstərir ki, hamıdan üstün olsun. Bu zaman uşağın davranış modeli iki ssernaridən biri üzrə formalaşır; Birinci halda, uşaq özündən böyükləri yamsılamağa başlayacaq, digər halda isə öz zəifliyini nümayiş etdirərək, onlardan dəstək almağa çalışır. Daha asan dillə desək, hər bir uşaq öz natamamlıq kompleksini dəf etmək üçün fərqli davranış modeli seçir.

İnsan olmaq, natamamlıq hissinə sahib olmaq deməkdir. — Alfred Adler

Natamamlıq kompleksi müasir dövrdə daha qısa olaraq «kompleks» kimi istifadə olunur və buna misal olaraq həyatımızda baş verən hadisələrə nəzər sala, keçirdiyimiz hissləri gözdən keçirə bilərik. Adətən, kompleks deyərkən, gözümüzün önünə xarici görünüşümüzlə bağlı misallar gəlirsə, Adler «natamamlıq kompleksi» (və ya qısa olaraq, «kompleks») deyərkən, təkcə fiziki qüsurların deyil, mənəvi çatışmazlıq və boşluqların da dərk olunmasını nəzərdə tuturdu. Onun fikrincə, komplekslər bizə onları dəf etmək üçündür və hər bir insanın özünə görə fərqli kompleksləri var.

Natamamlıq kompleksinin yaranma səbəbləri çox zaman uşaqlıq dövrü ilə bağlı olur. Yetərsiz diqqət və dəstək yaxud aşırı tənqid fərdin sağlam mənlik hissinə birbaşa mənfi təsir göstərən amillərdəndir. Adlerin fikrincə, natamamlıq kompleksi uşaqlarda bir neçə səbəbdən formalaşa bilər:

— fiziki çatışmazlıq, fiziki «qüsur» (hər hansı orqanın çatışmaması, boy ölçüsünün standartdan kənar olması və s)

— ciddi valideyn nəzarəti, uşaqlarda fərdi qərar vermə bacarığını məhdudlaşdırır.

— valideyn dəstəyinin olmaması özgüvəni aşağı salır.Ümumilikdə, natamamlıq kompleksi neqativ anlayış təəssüratı bağışlaya bilsə də, Adlerə görə, bir çox hallarda insanı (məsələn, Demosfen, Vilma Rudolf və s.) böyük uğurlar əldə etməyə təhrik edən məhz odur.

29 views

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)