• Facebook
  • LinkedIn Social Icon
  • Twitter
  • whatsapp (6)

Yoxluqdan var olmaq



Mübahisəli deyildir ki, dövrümüz insanları tərəfindən qurulan bütün növ təşkilatlar gec, ya tez süquta məhkumdur. Çünki təbiətin qaydalarını hələ də yetərincə mənimsəyə, mənimsədiklərimizi isə yetərincə tətbiq etməkdə bəşəriyyət olaraq hələ çox geridəyik. Təbiət qaydalarına yalnız qismən uyan, yaxud zidd olan prinsiplərə əsaslanan hansı mütəşəkkil qurum zamana meydan oxuya bilər? Təşkilatların bugünkü miqyası, əhatə dairəsi və nüfuzu sadəcə onun varlığının müddətini uzatmağa təsir edə bilir, bununla belə yenə də onun sonsuzadək varlığını zəmanət altına ala bilmir. Bəs bu zəmanəti təmin edən nədir? Yuxarıda qeyd etdiyimiz səbəbə əsaslanarsaq, bu zəmanəti biz yalnız bütün təbiət qanunlarını mənimsəyib tətbiq edəcəyimiz halda təmin edə biləcəyik. Bəs o zamanadək nə etməli? Hər təşkilat dağıldıqdan sonra hər şey hər dəfəsində sıfırdanmı başlayacaq?


Əlbət bir çoxları qeyd edə bilər ki, onsuzda təbiətin qanunudur: hər şey məhvə məhkum olduğu kimi, yeni təşkilatların yaranması da təbiətdən gələn bir şeydir və bunun üçün xüsusi səy göstərməyə ehtiyac yoxdur. Yeni təşkilatlar yenə yaranacaq və yaranmağa davam edəcəkdir. Bu fikrə qarşılıq olaraq əlavə etmək istərdim ki, mən diqqəti Yer kürəsində yaşayan insanlığın fərqli koordinatlarda və bir-biri ilə əlaqəli olmayan şərtlər altında qurulan təşkilatlarına deyil, artıq var olan və (bəlkə də) mübaliğə etsək, ölümsüz olmağı hədəfləyən təşkilatlara cəmləmək istəyirəm. Eyni zamanda, dünyanın fərqli nöqtələrində fərqli məkan və zaman kəsiyində artıq insanlığa məlum olan təcrübəni yenidən yaşamaq insanlıq üçün inkişaf sayılmadığından, prosesdəki davamlılığın təmin olunması da mənim əsas maraq dairəmdədir. Məsələn, bir zamanlar Misir piramidaları və bənzəri tikililəri yaradan sivilizasiyaların məhv olmağı ilə birlikdə bu inkişaf məhələsini bizə ötürə bilməməsi günümüz bəşəriyyətinin bu kontekstdə inkişafı sayıla bilərmi? Zənnimcə, cavab “Xeyr” olmalıdır.


Bütün bu qeyd edilənlərin altında cavabı axtarılan əsas sual isə belədir: hər hansı bir təşkilatın tənəzzül və nəhayət süqutunun qaçınılmaz olduğunu nəzərə alaraq, onun süqutdan sonra bir öncəkindən daha qabaqcıl olmaq şərtilə yenidən, yoxluqdan yaranmasını təmin etmək üçün nə lazımdır?

Mövzu ilə əlaqəli yazı: Sonsuzadək yaşamaq, yoxsa ölümsüz olmaq?

27 views

E.:  opsy.az@gmail.com

Baku, Azerbaijan

Contact:

Follow us:

  • facebook (2)
  • instagram (2)